Sunday, November 24, 2024

Latest Posts

Ət çapacağı ilə arvadını öldürən kişinin MƏHKƏMƏ TƏFƏRRÜATLARI: “Onu qabaqladım”

“Mətbəxdən ət çapacağını götürdüm, Rəhimənin otağına getdim. Başına bir neçə dəfə vurdum. Məni öldürəcəyini hiss etmişdim, onu qabaqlayıb öldürdüm”. 

Bu sözləri ət çapacağı ilə arvadını öldürməkdə təqsirləndirilən 62 yaşlı İlham Həşimov istintaq ifadəsində deyib.

Hadisədə təqsirli bilinən İlham Həşimovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. 

Lent.az hadisə ilə bağlı İlham Həşimovun verdiyi ifadənin detallarını əldə edib. 

Hadisə bu ilin yanvarın 6-da qeydə alınıb. Belə ki, paytaxtın Xətai rayonunda yaşayan 1961-ci il təvəllüdlü İlham Həşimov 1990-cı ildə əmisi qızı Rəhimə Həşimova ilə ailə həyatı qurub. Bu evlilikdən onların 2 övladı dünyaya gəlib. 

İlham Həşimov yoldaşı Rəhimə ilə aralarında yaranan münaqişələrdən sonra əsəbləri pozulur. Elə bu səbəbdən o, 1997-ci ildə ruhi xəstəxanada müalicə alır və 2001-ci ildə xəstəliyi ilə əlaqədar təqaüdə çıxır. 

O vaxtda ta bu zamana kimi Rəhimə ilə yarı küsülü, yarı barışıq ömür sürən İlham Həşimov deyir ki, ötən il – 2022-ci ildə arvadının onu öldürmək istəyini hiss edir. Elə buna görə İlham özünü hər vasitə ilə qorumağa başladığını bildirib: 

“Hətta Rəhimənin bişirdiklərini yeməklərdən belə imtina etdim. Düşünürdüm ki, Rəhimə məni öldürmək üçün yeməklərə zəhər qatıb. Son günlər isə təhlükənin lap da yaxınlaşdığını hiss edirdim. Artıq səbrim tab gətirmirdi. Bu ilin yanvarın 6-da Rəhiməni öldürmək qərarına gəldim”. 

Qeyd edək ki, Rəhimə ilə İlhamın evləri üç otaqlıdır. Onlar ayrı-ayrı otaqlarda yatırlarmış. O, arvadını öldürmək qərarına gəldikdə mətbəxdən bıçağı və ət çapacağını götürür və Rəhimənin yatdığı otağa gəlir. Qorxudan gözü dönən İlham həmin vaxt çarpayıda yatan arvadının başına ət çapacağı ilə bir neçə dəfə ardıcıl vurur. Nəticədə Rəhimə çarpayıdan yerə yıxılır. 

Təqsirləndirilən şəxs deyir ki, arvadının ölümündən əmin olmaq üçün ona əlavə olaraq bir neçə dəfə də bıçaq zərbəsi endirir. Sonda bıçağı arvadının qarnına sancır. Rəhimənin ölümündən tam əmin olan İlham ət çapacağını aparıb yatdığı otaqda siyirməyə qoyur. Daha sonra keçib heç nə olmamış kimi qonaq otağında əyləşir. 

İfadədən bəlli olur ki, bir neçə saat sonra oğlu Elşad qapını döyməyə başlayır. Oğlunun ona nə isə edəcəyindən qorxur və qapını açmır. Qapının qarşısında çoxlu insanların olduğunu hiss etsə də, İlham qapını açmır və sakitcə qonaq otağında oturmağa davam edir. Təxminən 2 saat sonra qapı qırılır, polislər və oğlu içəri daxil olur. Əməlini etiraf edən İlham tutulur. 

Məhkəmə qarşısında ifadə verən İlham Həşimov özünü qorumaq üçün arvadını öldürdüyünü deyib. 

İlham Həşimov bu məhkəmə prosesində təqsirli bilinərsə, 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrum edilə bilər.

İstintaqın gedişində təqsirləndirilən İlham Həşimovun ittihamı ağırlaşdırılıb. Ona yekun olaraq Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham verilib.

Latest Posts

Don't Miss