Azərbaycanda 1984-cü il təvəllüdlü Taleh yetkinlik yaşına çatmayan Ləmana (adlar şərti verilib – red. ) qarşı cinayət törədib.
2019-cu ilin iyun ayının əvvəllərində Taleh Ağsu şəhərində yetkinlik yaşına çatmayan Ləmanla tanışlıqda arvadı və azyaşlı uşaqlarının olduğunu ondan gizlədib. Gələcəkdə ailə quracağı bəhanəsi ilə onunla vaxtaşırı görüşüb, bir neçə dəfə Ləmanın qaçmağı təklif etməsinə baxmayaraq təklifləri rədd edib.
Daha sonra Taleh Ləmanın Bakı şəhərinə qohumunun xeyir iş məclisinə gedəcəyini, bu məqsədlə onun həmin gün saat 21.00-da evdən çıxaraq qohumu ilə görüşəcəyini bilib. O, vacib məlumat verəcəyi bəhanəsi ilə Ləmana qısa müddətə görüşməyi təklif edib.
Qızı zorla qaçırıb Xocasənə apardı
Bu məqsədlə Ləmana Ağsu şəhəri, Səməndər Rzayev küçəsinin yaxınlığında gözləyəcəyini bildirib. Lakin əvvəlcədən hazırladığı plana əsasən Ağsu şəhəri, “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Vüqarın idarə etdiyi “VAZ 2107” markalı avtomobili saxlatdırıb. Onu və sevdiyi qızı Bakı şəhərinə aparması ilə bağlı sürücü ilə razılaşdıqdan sonra həmin avtomobili Ləmanın gələcəyi yerə sürdürüb.
Ləman maşının yaxınlığında dayanmış Talehə yaxınlaşdıqda ona avtomobilə oturmağı təklif edib. Rədd cavabı aldıqda əlindəki mobil telefon aparatı ilə qızın baş nahiyəsindən vurub, zorakılıq göstərməklə avtomobilə oturmağı məcbur edib, səsini çıxaracağı təqdirdə ona qarşı zor tətbiq edəcəyi ilə hədələyib.
Ləmanı qaçıraraq Abşeron rayonu, Xocasən qəsəbəsində yerləşən evə gətirib. Orada bir neçə gün saxladıqdan sonra qızı Saray qəsəbəsinə, kirayələdiyi evə aparıb. Həmin evdə Ləmanla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Qızıllarını oğurladı
Növbəti gün Taleh Ləmanın yatmasından istifadə edərək onunla birlikdə kirayə qaldığı evdən çıxaraq gedib. O, Ləmana məxsus 300 manatlıq qızıl üzüyü, 450 manatlıq qızıl boyunbağını, 350 manatlıq qırmızı qaşlı qızıl üzüyü, 350 manatlıq qaşı düşmüş qızıl üzüyü, 450 manatlıq oval formalı qırmızı qaşı olan qızıl üzüyü, 300 manatlıq “ulduz” formalı bir cüt qızıl sırğanı, 750 manatlıq “gül” formalı brilyant qaşlı bir cüt qızıl sırğanı və 120 manatlıq mobil telefon aparatını oğurlayıb. Ləmana bütövlükdə 3070 manat məbləğində maddi ziyan vurub.
İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətmək) və 177.1-ci (oğurluq) maddələri ilə ittiham olunub.
“Mütəmadi olaraq yazışdım”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, 2013-cü ildə Kəmalə ilə ailə qurub, onunla Bakı şəhərində kirayədə yaşayıb: “2016-cı ildə qayınanam Xumarla aramızda olan narazılıqlar səbəbindən bir müddət ailəmdən ayrı yaşadım.
2019-cu ildə Ağsu şəhərinə qayıdaraq orada müxtəlif işlərdə işləyirdim. Yaşayış evlərindən birində abadlıq işləri apararkən qonşu həyətdə yaşayan Ləman ilə tanış oldum. Onunla mütəmadi olaraq telefon yazışdım”.
“Təklifimə razılıq verdi”
Taleh qeyd edib ki, 2019-cu ilin iyun və iyul aylarında Ləmanın yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə görüşüb və Ləmanın razılığı ilə onunla təbii yolla cinsi əlaqədə olub:
“Daha sonra ailə quraraq yaşamaq məqsədilə Ləmana mənimlə qaçmağı təklif etdim. Rayonda işlədiyim yerdən çıxdığımdan və Bakı şəhərinə qayıdaraq işləmək fikrim olduğundan Ləmana mənimlə qaçmağı, Bakı şəhərində kirayə ev tutaraq bir yerdə yaşamağımızı dedim. O da bu təklifimə razılıq verdi”.
“Heç nədən şübhələnməyib”
Təqsirləndirilən şəxs deyib ki, onlar növbəti gün, axşamtərəfi görüşüb və qaçmaq barədə razılaşdıqdan sonra rayonun mərkəzi küçəsində taksi fəaliyyəti ilə məşğul olan Vüqarı saxlatdırıb, onu sevdiyi qızla birlikdə Bakı şəhərinə aparmasını xahiş edib:
“Vüqar razılıq verdi, saat 19 radələrində Ləmanla evlərinin yaxınlığında görüşdüm. Mən Vüqarın maşınının qabaq oturacağında oturdum, Ləman isə maşına yaxınlaşaraq əlindəki sumkaları sürücünün oturduğu oturacağın arxasına qoydu, özü isə oturduğum oturacağın arxasında əyləşdi. Biz Bakı şəhərinə yola düşdük.
Vüqara Ləmanın mənimlə qaçması barədə heç nə demədim. Ləmanla aramızda heç bir mübahisə və narazılıq olmadığı üçün Vüqar da heç nədən şübhələnmədi”.
“Aramızda narazılıq olmayıb”
Təqsirləndirilən şəxs deyib ki, Bakı şəhərində ev kirayələmək üçün pulu olmadığından əvvəlcədən razılaşdıqları kimi Ləman satıb istifadə etmək üçün evdə olan özünə aid qızıl-zinət əşyalarını da götürüb: “Yolda Ləmana anası zəng vurdu. O, anasına istədiyi oğlanla Ağdaş şəhərinə qaçdığını bildirdi və telefonu söndürdü.
Saat təxminən 23-24 radələrində biz Xocasən qəsəbəsinə çatdıq. Tanışım Əsədə zəng vurub, onunla görüşdüm. Əsədə sevdiyim qızla bir gün əvvəl gələcəyimi bildirmişdim, kirayə ev tapana kimi onun evində qalmağımı xahiş etmişdim.
Biz Xocasən qəsəbəsində 3 gün qaldıqdan sonra Sarayda 3 otaqlı ev kirayələdim və Ləmanla həmin evdə yaşadıq. Biz birlikdə yaşadığımız müddətdə aramızda narazılıq olmayıb”.
Təqsirləndirilən şəxs əlavə edib ki, birlikdə yaşadıqları müddət ərzində Ləman bir dəfə telefonla anası ilə danışıb, anasına guya Ümid adlı sevdiyi oğlanla Ağdaş rayonunda birlikdə yaşadığını bildirib. O qeyd edib ki, Ləmanı onun özünün razılığı ilə qaçırıb, lakin bir müddətdən sonra həyat yoldaşı ilə barışaraq onun yanına gedib. O, Ləmanı kirayə qaldıqları evdə tək qoyduğuna görə özünü günahkar bilib.
“Zorakılıq etməmişəm”
Təqsirləndirilən şəxs qeyd edib ki, Ləmanla birgə yaşadığı dövrdə arvadı ilə barışıb və ailəsinin yanına qayıtmaq qərarına gəlib: “Bu səbəbdən Ləmanın yanından getdim, ailəmlə birlikdə yaşamağa başladım.
Ləman qaçarkən onun üzərində yalnız üç üzük, bir cüt sırğa olub. Həmin qızılları “Moskva” univermağında cəmi 450 manata, mobil telefonu isə “20 Yanvar” metrosu yaxınlığında 50 manata tanımadığım şəxslərə satmışam.
Ləmanı oğurlamamışam, onu özünün razılığı ilə qaçırmışam, özünün razılığı ilə cinsi əlaqədə olmuşam. Ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişəm”.
“Özü elçi gələcəyini bildirdi”
İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, 2019-cu ilin may ayının ilk günlərində “WhatsApp” yazışma sistemi vasitəsilə “Salam, necəsən” məzmunlu mesaj alıb: “Telefonunun ekranı zədəli olduğundan cavab verə bilmədim. Sonra həmin nömrəyə zəng etdim. Amma zəngimə cavab verilmədi. Bir neçə gün sonra həmin nömrədən özünü Taleh kimi təqdim edən şəxs zəng vurdu.
O, Bakı şəhəri Nərimanov rayonunda yaşadığını, Ağsu rayonunda nazirliklərdən birinin apardığı işlərdə işlədiyini, mənimlə tanış olmaq istədiyini dedi.
Mən sinif yoldaşım Lalənin vasitəsilə Talehin onun qohumu olduğunu öyrəndim. Ali məktəbə qəbulla əlaqədar hazırlıqlara getdiyimdən bir neçə dəfə Talehlə yolda rastlaşdım, söhbət etdik. Sonra Talehlə mütəmadi olaraq sosial şəbəkə vasitəsilə əlaqə saxladım.
Aramızda olan söhbət zamanı Taleh fikrinin ciddi olduğunu, mənimlə ailə qurmaq istədiyini bildirdi. Mən hələ 17 yaşım olduğunu, ailə qurmaq barədə düşünmədiyimi, niyyəti ciddi olduğu təqdirdə elçi göndərə biləcəyini dedim.
Taleh heç kiminin olmadığını, qohumları ilə əlaqə saxlamadığını, lazım olarsa özü elçi gələcəyini bildirdi. Bu danışıqlardan sonra Talehlə əlaqələrim barədə anama bildirdim. Anam məni danlayaraq, Talehdən uzaq durmağı məsləhət bildi”.
“Telefonu söndürdüm”
Ləman qeyd edib ki, avqustun 26-da axşam vaxtlarında xalası oğlu Əli ilə Bakı şəhərinə xalası nəvəsi Səbinənin xınayaxdı mərasiminə getməli olduğundan saat 17-18 radələrində ödəmə aparatı vasitəsilə danışıq vaxtı yükləmək üçün mağazaya yollanıb: “Mağazadan qayıdarkən yaşadığım məhəlləyə çatmamış Talehlə rastlaşdım. Taleh həmin gün mənə evlənmək üçün qaçıracağını dedi. Mən isə cavabında bunun mümkün olmadığını bildirdim.
Evdə olarkən Taleh mənə zəng vurdu. Söhbət zamanı Bakı şəhərinə qohumlarımla birlikdə xınayaxdı mərasiminə gedəcəyimi bildirdim.
Taleh mənə getməmişdən əvvəl vacib sözü olduğundan 2-3 dəqiqəliyə görüşmək istədiyini bildirdi. Mən də ona razılıq verdim, yolüstü bir qədər əvvəl görüşdüyümüz yerə gələ biləcəyimi dedim. Saat 21 radələrində Talehlə razılaşdığımız yerə yaxınlaşarkən onun Vüqar adlı taksi sürücüsünün maşınının yanında dayandığını gördüm.
Taleh mənimlə ailə qurmaq istədiyini, bu gün bu məqsədlə məni qaçıracağını bildirdi. Etiraz elədim, ondan uzaqlaşmaq istədim. O, əlindəki mobil telefonla başımdan vurdu, qolumdan möhkəm tutaraq maşına oturtdu. Maşına oturtmamışdan əvvəl səsimi çıxaracağım təqdirdə mənə qarşı zor tətbiq edəcəyi ilə hədələdi. Mən də qorxumdan dediklərini etdim, sakit tərzdə maşına oturdum.
Biz yolda olarkən anam zəng vurdu. Bu haqda Talehə bildirdim. Taleh onun adını çəkməməyi, guya sosial şəbəkədə tanış olduğu Ümid adlı şəxs tərəfindən Ağdaş rayonuna qaçırıldığımı söyləməyi məsləhət gördü. Talehin dediyi sözləri anama dedikdən sonra onun təkidi ilə telefonu söndürdüm”.
“Qızıllarımı götürdü”
Zərərçəkmiş şəxsin sözlərinə görə, gecə saatlarında Xocəsən qəsəbəsinə gəliblər, 3 gün Əsəd və Elza adlı şəxslərin evində qalıblar: “Üç gündən sonra Taleh Saray qəsəbəsində kirayə ev tutdu və biz birlikdə orada yaşamağa başladıq. Bir müddət həmin evdə Talehlə birlikdə yaşadım.
Orada qaldığımız dövrdə Taleh bəzən iki-üç günlərlə evə gəlmirdi. Bunun səbəbini işləməsi ilə əlaqələndirdi. Həmin vaxtlar evdə tək qalırdım. Sonra mənə heç nə demədən evdən getdi.
Yuxudan ayıldıqda Talehin evdə olmadığını gördüm. Stolun üstünə qoyduğum qızılları, mobil telefonu yerində görmədim. Əl çantama baxanda oradakı qızılları da tapmadım”.
Zərərçəkmiş deyib ki, Talehin oğurladığı qızıl-zinət əşyaları yalnız ona məxsus olub, həmişə çantasında saxlayıb. Qızılları özü ilə götürməkdə məqsədi onlardan xınayaxdı mərasimində istifadə etmək olub.
Zərərçəkmiş əlavə edib ki, Taleh evlənəcəyinə söz verdiyindən onunla ilk dəfə Saray qəsəbəsində, kirayə yaşadıqları evdə cinsi əlaqədə olub.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Talehin ittiham olunduğu Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə cinayət əməli sübuta yetirilməyib və ona həmin maddə üzrə bəraət verilib.
Taleh 150.2.3 və 1771-ci maddəsi ilə təqsirli bilinib və ona 9 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. (Teleqraf.com)