Xəbər verdiyimiz kimi, Azərbaycanda dünən gecə zəlzələ baş verib. Zəlzələ cənub bölgəsində qeydə alınıb. Baş verəcək zəlzələ ilə bağlı android sistemli smartfonlara xəbərdarlıq gəlib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində olub. Zəlzələnin maqnitudası 4.9, dərinliyi isə 13 kilometrdə yerləşib. Ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib. Baş verən zəlzələrə nəzər salsaq görərik ki, artıq bu bir ay içində ikinci qismən güclü zəlzələdir.
Bir ayda ikinci olan bu hadisə Azərbaycanda dağıdıcı fəlakətlərə səbəb olacaq zəlzələnin baş vermə ehtimallarının artdığı anlamına gəlir?
Məsələ ilə bağlı AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev referans.az-a açıqlamasında bildirib ki, baş verəcək zəlzələnin nə zamanını, nə də məkanını öncədən dəqiq demək mümkün deyil:
“İstər Azərbaycanda, istərsədə bu və ya digər yerlərdə fərqi yoxdur. Zəlzələnin nə zamanını, nə də məkanını dəqiq demək mümkün deyil. Sadəcə olaraq biz regional olaraq deyə bilərik ki, dünyanın 3 ən böyük seysmoloji dağ əmələ gəlmə prosesi gedən qurşağın birində yerləşdiyimizə görə istənilən vaxtda, istənilən yerdə zəlzələ ola bilər. Amma onun konkret dəqiqəsini, nə zaman baş verəcəyini bilmək olmaz. Zəlzələ zamanı və məkanı bilinməyən ən dəhşətli təbiət hadisəsidir. Buna heç bir əlac yoxdur və inanmıram ki, yaxın gələcəkdə olsun”.
AMEA rəsmisinin sözlərinə görə, son zamanlar baş verənlərə nəzər salsaq, bunu deyə bilərik ki, zəlzələ istənilən halda baş verə bilər: “Onun dağıntı gücünü, maqnitudasını və digər əlamətlərini isə sonradan müəyyənləşdirmək olar. Sadəcə vətəndaşlar öz tikintisinə, istər hündür binalarda, istərsədə kənd evlərinin tikintisində mütləq zəlzələyə davamlı olmasını yoxlamalıdır. Biz seysmoloji xəritədə baxırıq və harada, neçə bal gücündə ola bilər bunları analiz edirik”.
Sadəcə zəlzələ zonalarına müvafiq şəkildə ev tikməyimiz vacibdir ki, başverə biləcək hər hansı güclü zəlzələdən özümüzü sığortalaya bilərik – deyə Ənvər Əliyev qeyd edib.