Füzuli rayonunda 1957-ci il təvəllüdlü Etibar qısqanclıq zəminində yaranan münaqişə zamanı qızı Lətifəni (adlar şərti verilib – red.) öldürüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Etibar qızı Lətifənin uzun müddət yüngül həyat tərzi keçirməklə əxlaqsız hərəkətlər etməsinin, evə gecə saatlarında gəlməsinin, bəzi hallarda ümumiyyətlə gəlməməsinin onları kənd sakinləri və qohumlar arasında nüfuzdan saldığını, şərəflərini alçaltdığını dəfələrlə bildirib.
Etibar qızından belə hərəkətlərə son qoymasını tələb etməsinə baxmayaraq, onun iradlarından nəticə çıxarmayıb, yüngül həyat tərzinə davam edib. Bu səbəbdən Lətifəni əri də boşayıb.
Sonuncu dəfə Etibar 6 mart 2022-ci ildə saat 19 radələrində Füzuli rayonunun kəndində yerləşən evin həyətindəki yardımçı tikilidə Lətifənin mobil telefonda danışdığı, şəxsiyyəti müəyyən olunmayan şəxsə yanına gələcəyini dediyini eşidib. O, qızının yenidən əxlaqsız hərəkətlər etmək üçün gedəcəyindən əmin olduğu üçün ondan evdə oturmasını, heç yerə getməməsini, əxlaqsız hərəkətlərinə son qoymasını tələb edib.
Lətifə onun sözlərinə məhəl qoymayaraq istədiyi yerə gedəcəyini bildirib. Bunda sonra Etibar Lətifəni öldürmək qərarına gəlib. O, yaşadığı evin mətbəxindən bıçaq götürərək yenidən qızının yaşadığı yardımçı tikiliyə gəlib. Etibar qızına yüngül həyat tərzindən daşındırmaq üçün ancaq onun üzərindən keçib gedə biləcəyini deyib.
Lətifə isə lazım gələrsə bunu da edə biləcəyini bildirib. Lətifənin yüngül həyat tərzindən əl çəkməyəcəyinə əmin olan ata onu öldürməyi qətiləşdirib. Bıçaqla Lətifənin bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq onu qətlə yetirib.
“Ailəmizə hörmətsizlik gətirib”
İstintaq orqanı tərəfindən Etibarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Etibar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mərhum qızını əxlaqsız hərəkətlərinə görə əri boşayıb: “Ona görə də 3 uşağı ilə birgə mənim yanımda yaşayıblar. Ona dəfələrlə bu yoldan çəkinməsini, ailəmizin şərəfinə ləkə gətirən hərəkətlərə son qoymasını desəm də, nəticə çıxarmayıb, əxlaqsız hərəkətlərini davam etdirib.
Hər dəfə “bu, son olsun” deyərək qızımı bağışlamışam, o isə əxlaqsız hərəkətlərindən çəkinməmyib. Bütün bu olanlarda qızım Lətifənin günahkar saymışam, o, bizi hamının yanında biabır edib və ailəmizə hörmətsizlik gətirib”.
“Əxlaqsızlıq hərəkətlərindən əl çəkməyəcəyini başa düşdüm”
Təqsirləndirilən şəxs deyib ki, həyətə çıxaraq Lətifənin yaşadığı əl damına gedib: “Onun yenə telefonla kiminləsə danışdığını eşitdim. Lakin kimliyini bilmədim. Lətifəyə evdə oturmasını, heç yerə getməməsini dedim. “Mənimlə işin yoxdu, hara gedirəm, özüm bilərəm, kefə gedirəm, verməyə gedirəm, nə sən, nə də başqa birisi məni saxlaya bilməz” söylədi.
Bu sözlərdən sonra özümü çox pis hiss etdim. Sanki bədənim əsdi. Çox bərk əsəbləşdim. Yaşadığım evin mətbəxinə gəldim, stolun üzərində olan bıçağı götürərək şalvarımın cibinə qoydum. Arvadım Səidənin və gəlinlərimizin zalda əyləşərək televizora baxdıqlarını gördüm. Lətifənin yanına qayıtdım. İçəri girərkən Lətifənin yenə də kiminləsə telefonla danışdığını eşitdim. Məni görən kimi dərhal mobil telefonunu söndürdü və əlində tutdu. Bir daha “kiminlə danışırsan, hara gedirsən?” soruşdum. Lətifə də “mən gedəcəm, işim var, sən məni saxlaya bilmərsən” dedi.
Dedim, sən bu evdən çıxıb getmək üçün gərək mənim üstümdən keçib gedəsən. Lətifə də “problem yoxdur, lazım gələrsə, sənin üstündən də keçib gedərəm” söylədi.
Lətifənin əxlaqsızlıq hərəkətlərindən əl çəkməyəcəyini başa düşdüm. Onun saçından tutaraq aşağıya doğru dartdım, mətbəxdən götürdüyüm bıçağı cibimdən çıxardım.
Lətifənin bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbələr vurdum. Lətifənin əynindəki paltarları qanamağa başladı. Bunu görəndə saçını buraxdım, o, yerə yıxıldı”.
“Qızımı öldürdüymü bildirdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə saniyə sonra Lətifə ayağa qalxaraq otaqdan çıxıb və eyvana doğru qaçıb: “Otağın qapısından çıxanda yenidən Lətifənin saçını tutdum. Bir neçə addım atdıqdan sonra eyvanda yerə yıxılaraq huşunu itirdi.
Alnına əlimi vuranda bədəninin soyuq olduğunu gördüm. Artıq onun öldüyünü başa düşdüm. Qardaşım oğluna zəng vuraraq qızım Lətifəni yaşadığım evdə öldürdüyümü bildirdim”.
Qatil ata deyib ki, qızını öldürməyinə səbəb onun illərdir əxlaqsız hərəkətlər etməsi, ailəsinin dağılması, ailəni hamının yanında rüsvay etməsi olub: “Lətifə ailəmin şərəf və ləyaqətini ləkələyib. Mən ləkələnmiş namusumu təmizləmək məqsədi ilə bu qətli törətmişəm. Törətdiyim cinayəti etiraf edirəm. Ədalətli cəza istəyirəm”.
“Ərim dözmədi”
Zərərçəkmiş Lətifənin hüquqi varisi, anası, təqsirləndirilən şəxsin həyat yoldaşı Səidənin sözlərinə görə, Lətifənin əxlaqsızlıq hərəkətləri onları bütün kənd camaatı arasında rüsvay edib:
“Utandığımız üçün kənddə heç kimin xeyir-şərində iştirak edə bilmirdik, biabır olmuşduq. Atası, özüm və qardaşları Lətifənin qadına-ailəsinə yaraşmayan əxlaqsız hərəkətlərdən çəkindirməyə çalışsalar da, o, bu yoldan dönmədi.
Əksinə bizə “yaxşı edirəm, ürəyim kiminlə istəyirsə gedib kef çəkirəm, siz kimsiniz ki, mənim işimə qarışırsınız” deyib. Ərim Etibar da artıq Lətifənin bu əxlaqsız hərəkətlərinə dözməyərək ailəmizin namusunu təmizləmək üçün onu öldürdü”.
Hüquqi varis qeyd edib ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur: “Etibar mənim ərimdir. Onun bağışlamasını istəyirəm. Ailəmizin namusunu təmizləmək üçün məcbur qalaraq cinayət törədib”.
“Görüşə razılaşdıq”
İş üzrə şahid qismində dindirilən Səməd isə mərhum Lətifə tərəfindən şantaj olduğunu deyib. O bildirib ki, Lətifəni 2022-ci ilin yanvar ayının əvvəllərindən tanıyıb:
“Lətifə mənim xidmət etdiyim hərbi hissədə xadimə işləyirdi. Bir neçə dəfə onunla görüşmüşəm. Mobil telefonumda əvvəlki görüşlərində birlikdə çəkdiyim şəkilləri göstərdü, həmin şəkilləri sosial şəbəkələrdə paylaşacağı ilə hədələdi. Mobil telefonumu oğurlayaraq qaytarması müqabilində məndən 100 manat istədi. Onunla görüşmək üçün Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən “Dördyol” adlanan əraziyə gəldim.
Orada Lətifənin atası Etibarın telefon nömrəsini öyrəndim və dostum Əlinin telefonu ilə onunla əlaqə saxladım. Lətifənin atasına onunla görüşmək istədiyimi bildirdim. Görüşüb olanları ona danışdım. Etibar dedi ki, sən onunla görüş, 100 manat pulu ona ver, telefonunu götür, sonra mən səninlə görüşərək həmin pulu sənə verəcəm.
Etibar avtomobilimə əyləşdi və birlikdə həmin əraziyə getdik. Lətifəyə zəng vuraraq 5-10 dəqiqəyə görüşəcəyimizə razılaşdıq”.
“100 manatı gətirərəsən, nömrəni verərəm”
Şahid qeyd edib ki, Lətifə ilə görüşmək barədə razışdıqlarını bilən Etibar oradan getmək istəyib:
“Etibar dedi ki, işim var, getməliyəm, sən telefonu götürəndən sonra mənə xəbər edərsən. Bu sözləri deyəndən sonra oradan getdi. Lətifə mənə zəng vuraraq Əhmədbəyli kəndi ərazisində yanacaqdoldurma məntəqəsinin qarşısında bir taksi avtomobilində olduğunu dedi. Həmin yerə gəldim, üzərimdə 10 manat pul olduğunu dedim. Lətifə pulu götürərək “Redmi Note-8 Pro” markalı mobil telefonumu qaytardı. Telefonuma baxarkən nömrəmin cihazın üzərində olmadığını gördüm. Ona əng vuraraq telefon nömrəsini hansı səbəbdən vermədiyini bildirdim. Lətifə “100 manatı gətirərəsən, nömrəni verərəm” dedi.
Lətifənin gəldiyi taksi avtomobilinin arxasınca hərəkət etdim. Yolda Etibara zəng vurdum. Lətifənin mobil telefonumu qaytardığını, lakin nömrəmi qaytarmadığını, məndən yenidən 100 manat tələb etdiyini bildirdim. Etibar yenə də mənə “sən pulu ver, mən sənə sonra qaytaracam” dedi.
Qarabağ kəndinin girişində avtomobildən düşdüm, Lətifənin yanına getdim. Dedim, nömrəmi qaytar, maaş gəldikdən sonra pulu verərəm. Lətifə bununla razılaşmadı, əyləşdiyi taksi avtombili qəfildən hərəkətə başlayaraq uzaqlaşdı. Ora gələn şəxs Lətifənin qardaşı olduğunu bildirdi. Mənimlə dava-dalaş olmasın deyə öz avtomobilimə əyləşdim və oradan uzaqlaşmaq istədim”.
“Dedi, Lətifə əxlaqsızın biridir, ondan uzaq gəz”
Səməd qeyd edib ki, həmin ərazidə “Nicat” kafesinin qarşısına gəlib, avtomobili orada saxlayıb: “Lətifənin qardaşı da ora gəldi. Mənə dedi ki, çıxaq çölə, səninlə işim var. Lətifənin qardaşının əlində bıçaq olduğu üçün qorxdum. Onunla birlikdə çölə çıxdım, öz avtomobilimə əyləşərək qaçmaq istədim. Həmin şəxs mənə imkan vermədi. Dedi ki, səninlə söhbətim var, gedək söhbət edək.
Əvvəllər tanımadığım, sonradan adının Namiq olduğunu bildiyim şəxs Lətifənin qardaşından nə baş verdiyini soruşdu. O, Namiqə “mənim bununla işim var, sən bizə qarışma” dedi. Onların arasında mübahisə yaradı. Yumruqla bir-birilərinə zərbə vurdular. Ətrafda olan şəxslər onları araladıqdan sonra Namiqlə birlikdə Horadiz şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına gəldim.
Namiq avtomobildən düşərkən mənə dedi ki, Lətifə əxlaqsızın biridir, onun münasibətdə olmadığı şəxs qalmayıb, bütün Füzuli onu düzgün yolda olmayan bir qadın kimi tanıyır, çalış ondan uzaq dur.
Həmin vaxt Lərifə mənə zəng vuraraq “20 manat gətir, nömrəni qaytarım” dedi. Mənim olduğum yerə bir taksi ilə gəldi. Məndən 20 manat pul alaraq nömrəmi qaytardı. Sonra20 manatı özümə qaytardı. Dedi, götür pulu, mənə sənin pulun lazım deyil, sadəcə səni yoxlamaq istəyirdim”.
Qətlə yetirilən qadın kimlərlə görüşüb?
İstintaq materialları arasında mərhum Lətifənin çoxsaylı mesajları aşkar olunub. Həmin mesajlardan məlum olur ki, Lətifə rayon ərazisində xidmətdə olan həm Sərhəd Xidmətinin, həm də Müdafiə Nazirliyinin hərbi qulluqçuları, həmçinin rayon sakinləri ilə münasibət saxlayıb. Mesajlardan aydın olub ki, Lətifə onlarla intim münasibətdə olmaq üçün əlaqə saxlayıb.
Mesajlardan o da aydın görünür ki, Lətifənin mobil nömrəsini imtim münasibətdə olduğu kişilər bir-birlərinə veriblər.
Lətifənin özü də kişi müştərisinə SMS-lər yazıb, özünü təqdim edib, görüşmək barədə razılığa gəlib.
Bundan başqa, Lətifənin mobil telefonunda 94 kişinin fotosu aşkarlanıb.
Füzuli rayon polis şöbəsinin məhkəməyə ünvanladığı məktubda göstərilir ki, Lətifə atası tərəfindən qətlə yetirildiyi gün kiminləsə görüşməsi və görüşmək istədiyi şəxslərin müəyyən edilməsi mümkün olmayıb.
Amma həmin gün Lətifənin qardaşının “Dördyol” adlanan ərazidəki kafedə “N” saylı hərbi hissədə tağım komandiri işləyən, baş leytenantla mübahisə etməsi müəyyən olunub.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Etibar 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.