“Bloger Nicat Şakirlinin avtomobildə çəkdiyi bütün videolarında təhlükəsizlik kəmərinin taxılmadığını görmüşük. Yol hərəkəti qaydalarına “tüpürən”, kobud şəkildə pozan, dəfələrlə yol polisi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, özünü yığışdırmayan adam cəzasını aldı. Qolu amputasiya olundu, bir nəfərin ölümünə və bir nəfərin yaralanmasına səbəb oldu. Ölən şəxs bir səhvin qurbanı oldu”.
Referans.az xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı məsələyə münasibət bildirərkən deyib.Ekspertin sözlərinə görə, qəza bir neçə səbəbdən baş verib:
“Avtomobil yüksək sürətlə hərəkət edib, sağdan ötmə əməliyyatını yerinə yetirərkən yük avtomobili ilə toqquşub. İndi gördünüzmü niyə sağdan ötmə qadağandır? Üstəlik, işıqlandırılan yolda yük maşınını görməmək diqqətsizlikdəndir. Nicat sükanı qaçırmağa cəhd etməsə idi, əyləcləməni normal etsə idi, yüngül toqquşma baş verərdi. Bundan başqa, yük avtomobillərində qoruyucu səd olmalıdır, çox güman ki, bu səd olmadığı üçün Nicatın idarə etdiyi “Porsche” markalı avtomobil onun altına girib. Tanınmış insanlar arasında belə bir fikir formalaşıb ki, “yol polisi bizə həmişə hörmət edir”. Bu hörmət onlara düşmür. Yol polisinin “hörmətinin” nəticəsi budur. Belələrinə hörmət düşmür. Nicat təhlükəsizlik kəmərindən istifadə etsə idi, qolunu itirməzdi, yanındakı da yüngül xəsarətlərlə xilas ola bilerdi.(sfera.az)